
Hüquqinfo.az bildirir ki,
Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti əldə etdikləri mənfəəti yenidən ölkəyə investisiya etməyə üstünlük verir.
“Hüquqinfo.az-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazirin sözlərinə görə, son altı ildə baş verən proseslər dünyanın bir nöqtəsində yaranan problemin digər ölkələrdə istehsalı nə qədər sürətlə dayandıra biləcəyini göstərib. Eyni zamanda tariflər, subsidiyalar və ixrac nəzarəti strateji sənaye sahələrinin harada yerləşəcəyinə getdikcə daha çox təsir edir.
O qeyd edib ki, bütün ölkələrin iqtisadi dayanıqlılığa can atması təbiidir, lakin bunun müəyyən xərcləri var. Təchizat zəncirlərinin təkrarlanması və texnologiyalara çıxışın məhdudlaşdırılması bir çox hallarda istehsalın daha da bahalaşmasına səbəb olur. Xüsusilə kiçik iqtisadiyyatlar üçün beynəlxalq əməkdaşlığın və ticarətin açıq saxlanılmasının əhəmiyyəti artır.
Mikayıl Cabbarov bildirib ki, hökumətlər bütün xarici riskləri aradan qaldıra bilməsələr də, siyasətlərini daha proqnozlaşdırıla bilən edə, razılaşmaların yerinə yetiriləcəyini nümayiş etdirə bilərlər.
Nazir Azərbaycanın etimadın formalaşdırılmasında uzunmüddətli öhdəliklərin yerinə yetirilməsinə xüsusi önəm verdiyini vurğulayıb və “Əsrin müqaviləsi”ni buna nümunə göstərib. Onun sözlərinə görə, 30 ildən artıq davam edən əməkdaşlıq Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verməklə yanaşı, ölkənin etibarlı enerji təchizatçısı kimi mövqeyini də gücləndirib.
Hazırda Azərbaycan 10-u Avropa İttifaqının üzvü olmaqla 16 ölkəyə təbii qaz tədarük edir. Azərbaycanın neft və neft məhsulları ixrac etdiyi ölkələrin sayı isə daha çoxdur.
Mikayıl Cabbarov əlavə edib ki, uzunmüddətli tərəfdaşlıqlar yeni investisiyaların və təkrar investisiyaların cəlb olunmasına şərait yaradır və ölkədə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti mənfəətlərini yenidən Azərbaycana yatırmağı seçir.










