










Hüquqinfo.az bildirir ki,
“Azera Holding”ə daxil olan “Vetart” şirkəti və Nərimanov Rayon Bələdiyyəsinin birgə təşkilatçılığı ilə sahibsiz heyvanlar üçün “Sev və qayğı göstər” adlı sosial layihə həyata keçirilib.
“Hüquqinfo.az” xəbər verir ki, məqsəd küçə pişiklərinə təhlükəsiz sığınacaq yerləri yaratmaq, onları qida ilə təmin etmək, cəmiyyətdə heyvanlara qarşı məsuliyyət və qayğı hissini gücləndirməkdir.
Layihə çərçivəsində Bakı şəhəri, N.Nərimanov rayonunun Koroğlu Rəhimov, Sabit Rəhman, Ələsgər Qayıbov, Təbriz və digər küçələrində yerləşən yaşayış ərazilərinə, həmçinin “Araz” marketlər şəbəkəsinin qarşısına pişiklər üçün xüsusi yuvalar quraşdırılıb.
Sahibsiz heyvanların soyuq hava şəraitindən qorunması məqsədilə yuvalar istiliyin qorunmasını təmin edən izolyasiya materialları ilə hazırlanıb. Hər bir yuva “Vetart” şirkətinin pişik yemləri, həmçinin su və yem qabları ilə təchiz edilib. Bundan əlavə qida ehtiyatının saxlanılması üçün xüsusi bölmə yaradılıb ki, bu da ərazidə yaşayan sakinlərə pişiklərin qidalanmasına mütəmadi dəstək olmağa imkan verir.
Unutmayaq ki, hər bir canlının isti yuvaya, bir qab su və bir ovuc yeməyə ehtiyacı var.
Qeyd edək ki, “Vetart” MMC ölkəmizdə heyvandarlıq, quşçuluq, balıqçılıq təsərrüfatları, it, pişik və digər ev heyvanları üçün yüksək keyfiyyətli məhsullar təqdim edən aparıcı şirkətlərdən biridir. Hazırda şirkət 300-dən artıq baytarlıq preparatı, balıqçılıq təsərrüfatları üçün yemlər, ev heyvanları üçün yemlər, yem əlavələri, mineral-vitamin kompleksləri, aksesuarlar və digər zəruri məhsulların satışını təşkil edir.










