
Hüquqinfo.az bildirir ki,
Azərbaycan və Türkiyə məlumat infrastrukturu ilə birlikdə rəqəmsal haba çevrilə bilər.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya nazirinin müavini Məhəmməd Qasım Gönüllü Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində panel müzakirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan enerji sahəsindəki təcrübəsini, rəqəmsal imkanlarını və Cənubi Qafqazla Mərkəzi Asiyanı birləşdirən strateji mövqeyini ortaya qoyur: "Hər iki ölkənin istehsalçılarını, enerji və logistika şirkətlərini tədqiqatçılarını, həmçinin texnologiya sahibkarlarını ilə bir araya gətirməliyik. Birgə pilot layihələr məhsuldarlıq və xərclərə qənaət üzrə dəqiq hədəflərlə profilaktik texniki xidmət, keyfiyyətli infrastrukturlar və enerji səmərəliliyinə diqqət yetirə bilər. "Bilişim Vadisi"nin Bakıdakı varlığı bizə bu əməkdaşlıq üçün praktiki bünövrə yaradır. Biz həmçinin milli böyük dil modelimiz olan "Bilge"ni inkişaf etdiririk. Süni intellektə əsaslanan türk və Azərbaycan dili texnologiyaları üzrə əməkdaşlıq rəqəmsal xidmətləri xalqlarımız üçün daha faydalı və əlçatan edə bilər".
O, regional rəqəmsal infrastruktura toxunaraq iki ölkənin ortaq imkanlarını vurğulayıb: "Birlikdə Azərbaycanın enerji imkanlarının və bizim bir-birimizi tamamlayan texnoloji üstünlüklərimizin regional rəqəmsal infrastrukturu necə dəstəkləyə biləcəyini araşdıra bilərik. Orta Dəhliz boyunca daha yaxşı rəqəmsal bağlantılar şirkətlərimizə Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlarda müştərilərə xidmət göstərməyə kömək edə bilər. Azərbaycan və Türkiyə enerji və nəqliyyat üçün kəsişmə nöqtəsi olduğu kimi, fiber-optik şəbəkələr və məlumat infrastrukturu ilə birlikdə rəqəmsal bir mərkəzə də çevrilə bilərik. Ortaq məqsədimiz həll yollarını birlikdə işləyib hazırlamaq, onların dəyərini sənayelərimizdə sübut etmək və daha geniş bazarlara çıxarmaq olmalıdır".
M.Gönüllü eyni zamanda Türkiyənin yüksək texnologiya sahəsinə ayırdığı investisiya həcmlərini də qeyd edib: "HIT-30" proqramımız süni intellekt və məlumat infrastrukturu da daxil olmaqla, yüksək texnologiyalı investisiyalara 30 milyard ABŞ dolları dəstək nəzərdə tutur. 2030-cu ilə qədər məlumat mərkəzimizin gücünü 250 meqavatdan ən azı 1 giqavata çatdıraraq 4 dəfə artırmağı hədəfləyirik. Biz həmçinin texnologiya təşəbbüslərinin böyüməsini dəstəkləyərək süni intellekt yönümlü vençur kapitalı fondlarına 150 milyon ABŞ dolları ayırmışıq".










