
Hüquqinfo.az bildirir ki,
“PAŞA Sığorta” və “Premium Residence” Sea Breeze arasında əməkdaşlığın inkişaf etdirilməsi və yeni imkanların yaradılması məqsədilə anlaşma memorandumu imzalanıb.
“PAŞA Sığorta”dan "Hüquqinfo.az-Economics"ə verilən məlumata görə, memorandum tərəflər arasında qarşılıqlı əməkdaşlıq üçün ümumi çərçivənin formalaşdırılmasını, birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini və gələcək layihələr üçün yeni imkanların araşdırılmasını nəzərdə tutur.
Memorandum çərçivəsində “Premium Residence” Sea Breeze layihəsinin əməkdaşları və potensial müştəriləri üçün “PAŞA Sığorta”nın uyğun sığorta məhsulları barədə məlumatlandırma və məsləhət imkanlarının yaradılması planlaşdırılır. Bununla yanaşı, “PAŞA Sığorta” tərəfindən əməkdaşlıq çərçivəsində xüsusi şərtlər və güzəştlərin təqdim edilməsi imkanları da nəzərdən keçiriləcək.
Memorandum müştərilər üçün əlavə üstünlüklərin yaradılmasına da imkan verəcək. Belə ki, qarşılıqlı razılaşma əsasında “PAŞA Sığorta” müştəriləri “Premium Residence” Sea Breeze tərəfindən təqdim olunan daşınmaz əmlaklar üçün xüsusi təkliflərdən faydalana biləcəklər. Bu yanaşma hər iki şirkətin müştərilərinə daha çox seçim və əlavə dəyər təqdim etməyə yönəlib.
Əməkdaşlığın əsas məqsədi sığorta və daşınmaz əmlak sahələrində qarşılıqlı əlaqələri gücləndirməklə yanaşı, tərəflərin müştəriləri və əməkdaşları üçün yeni, praktiki və özəl imkanlar yaratmaqdır. Tərəflər hesab edir ki, bu əməkdaşlıq gələcəkdə yeni birgə təşəbbüslərin reallaşdırılması və müştəri təcrübəsinin daha da zənginləşdirilməsi üçün yaxşı zəmin yaradacaq.









