






Hüquqinfo.az bildirir ki,
Ankara Universitetində "Eyni hilal altında: İki dövlətin şəhidlərinə vəfa" adlı mərasim keçirilib, Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş sənədli film nümayiş etdirilib.
"Hüquqinfo.az"un Türkiyə bürosunun xəbərinə əsasən, mərasim Azərbaycanın Türkiyədəki səfirliyi yanında fəaliyyət göstərən Mədəniyyət Mərkəzi və Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin (DTCF) Müasir türk ləhcələri və ədəbiyyatları bölməsinin ortaq təşkilatçılığı və dəstəyi ilə həyata keçirilib.
Anım tədbirinin açılış hissəsində Ankara Universitetinin prorektoru professor Orhan Uzun, DTCF-nin Müasir türk ləhcələri və ədəbiyyatları bölməsinin müdiri professor Sema Barutcu Özönder, DTCF-nin dekanı, professor İrfan Albayrak və Azərbaycan Türkiyədəki səfiri Rəşad Aslanov çıxış ediblər.
Məruzəçilər 27 sentyabr – Anım Günü, 44 günlük Vətən müharibəsi, Azərbaycanın əldə etdiyi möhtəşəm zəfər və bu qələbənin qazanılmasında şəhidlərimizin göstərdiyi igidlik və qəhrəmanlıqlar barəsində düşüncələrini paylaşıblar.
Tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə ithaf edilmiş "Düşmənə qarşı tək" adlı sənədli film göstərilib.
Sonra "Eyni hilal altında: İki dövlətin şəhidlərinə vəfa" mövzusunda panel iclası keçirilib. Professor Üçler Bulduk "Türklərdə şəhadət anlayışı", professor Birsen Karaca "Təkəbbürlü tarix anlayışının süqutu: Qarabağ Zəfəri və Ermənistanın öz həqiqətləri ilə üzləşməsi", Dr. Mehmet Rıza Heyet isə "Dündən bu günə türk yaddaşında Qarabağ" mövzularında məruzələr təqdim ediblər.
Türkiyə və Azərbaycan şəhidlərinin müqəddəs xatirəsinin anıldığı bu tədbirdə iki qardaş dövlətin ortaq tarixi yaddaşının, həmrəyliyinin və qardaşlıq əlaqələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinə və Azərbaycanın zəfərinə həsr edilmiş fotosərgi də nümayiş olunub.







