
Hüquqinfo.az bildirir ki,
2026-cı ilin birinci yarısında Şimali Makedoniya iqtisadiyyatı 3,7 %, əsas kapitala qoyulan investisiyalar isə 9,3 % artıb.
"Hüquqinfo.az" xəbər verir ki, bunu Şimali Makedoniyanın iqtisadiyyat və əmək naziri Besar Durmişi II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) bildirib.
Onun sözlərinə görə, ikinci rübdə iqtisadi artım 4,3 %-ə çatıb, investisiyalar isə iqtisadi aktivliyin əsas hərəkətverici qüvvələrindən birinə çevrilib: "Bu, bizim üçün qlobal qeyri-müəyyənlik dövründə investisiya tsiklindən imtina etməməli olduğumuza dair mühüm siqnaldır. Əksinə, infrastruktur, energetika, rəqəmsallaşdırma, insan kapitalı və istehsal güclərinə sərmayə qoymağa davam etməliyik".
O qeyd edib ki, Şimali Makedoniya eyni zamanda Avropa və Avro-Atlantik inteqrasiya hesabına iqtisadi dayanıqlılığını möhkəmləndirir. Ölkə 2020-ci ildən NATO-nun üzvü və Avropa İttifaqına üzvlüyə namizəddir.
Nazir vurğulayıb ki, kiçik açıq iqtisadiyyat üçün sabitlik, proqnozlaşdırılma mümkünlüyü və böyük bazarlara çıxış önəmlidir.
Onun sözlərinə görə, ticarət sazişləri, o cümlədən Aİ ilə Sabitlik və Assosiasiya Sazişi, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə azad ticarət sazişləri, eləcə də regional ticarət mexanizmləri vasitəsilə Şimali Makedoniyanın 650 milyondan çox istehlakçısı olan bazara çıxışını təmin edir.







